Heydərbaba, Yolum Sənnən Kəc Oldu...
Yadıma gəlir, 60-cı illərin birinci yarısında
mən universitetdə oxuyarkən Şəhriyarın adı və Heydərbabaya
salam poeması birdən-birə - elə bil ki, tər-təmiz göy üzündə
şimşək çaxdı!-şüurumuzu silkələdi, bütün varlığımızdakı Cənub
həsrətini təzədən özümüzə yaşatdı, o tərtəmiz, saf Azərbaycan
dili, o poetik ab-hava bizim-gənclik eşqi, həvəsi, ehtirası ilə
milli hisslər, düşüncələr, qayğılar aləminin içində yaşayan
cavanların, ədəbiyyat, sənıt hıvəskarlarının arasında
əməlli-başlı bir təlatüm yaratdı. Mən dünya ədəbiyyatında elə
bir nümunə xatırlaya bilmirəm ki, heç bir siyasi motivi olmadan,
süjeti olmadan, çağırışı-şüarı, hansısa ictimai iddiası olmadan
Heydərbabaya salamın 60-70-ci illərdə Sovet Azərbaycanında
ictimai şüura göstərdiyi qədər vətəndaşlıq təsirinə malik olsun.
Heydərbaba, ildırımlar çaxanda,
Sellər-sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şöfkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.
Qazdan ayıq olan sovet (partiya!) senzurası (qlavlit!)
bu sadə, şəffaf misralarda hansı siyasi fıkir, hansı siyasi
eyham, millətçi çağırış tapa bilərdi?
Əlbəttə, heç nə tapa bilməzdi.
Çünki bu poemada belə bir fıkir, eyham,
çağırış, həqiqətən, yoxdur.
Sadəcə olaraq ona görə ki, Heydərbabaya
salamın siyasi-ictimai qəhrəmanı onun dilidir, onun
xəlqiliyidir.
Söhbət iki yerə parçalanmış və hər parası da
müxtəlif ictimai formasiyalarda, əlçatmaz, ünyetməz qorxunc
sərhədlər arxasmda yaşayan bir xalqın ana dilindən və ən səmimi,
incə, kövrək tellərlə həmin xalqa bağlılıqdan gedir.
Söhbət Azərbaycan xalqının taleyi
kontekstində poetık ictimai-siyasi bir hadisədən gedir.
Buna görə də bu poema yalnız Azərbaycan
poeziyasında və ictimai fıkrində yox, ümumiyyətlə, sənətin və
ictimai fıkrin qarşılıqlı təmasında unikal bir hadisədir.
Heydərbabaya salama qədər Məhəmmədhüseyn
Şəhriyar farsdilli böyük İran şairi di. Bu poema onun Azərbaycan
dilində yazdığı ilk əsərdir və bu poemadan sonra
Məhəmmədhüseyn Şəhriyar, eyni zamanda, böyük
Azərbaycan şairi oldu.
Və Heydərbabaya salamdan sonra İranda
yazıb-yaradan bir çox istedadlı şairlər bu poemaya ana dilində
nəzirələr yazdılar, Azərbaycan şairi oldular.
İrandakı müasir günlərimizin Azərbaycan
poeziyası belə yarandı.
Şəhriyarın özü də Heydərbabadan sonra fars
dili ilə bərabər, Azərbaycan dilində də gözəl şerlər yazdı və
ömrünün sonunacan da beləcə davam etdi.
Mən o uzaq gənclik illərində, təbii ki,
Heydərbabanı görməmişdim, amma heç zaman görmədiyim və
Şəhriyarın poemasına qədər adını belə eşitmədiyim o dağ, o dağın
ətəklərindəki el-oba, o duz, məzə, o kədər, həsrət elə bil ki,
tamam canlı bir varlıq kimi, qəribə bir məhrəmliklə,
mehribanlıqla mənim üçün tamam doğmaya çevrilmişdi.
Mir Mustafa dayı, ucaboy baba,
Heykelli, saqqallı, Tolstoy baba,
Eylərdi yas məclisini toy baba,
Xoşginabın abrusu, ərdəmi,
Məscidlərin, məclislərin görkəmi...
Elə bil ki, adını birinci dəfə eşitdiyim o
Mir Mustafa babanı, o ucaboy Tolstoy babanı mən elə gözümü
açandan eləcə görmüşdüm, o məscidləri də tanıyırdım, o məclislər
də mənim üçün çox doğma bir yer idi.
Səhər tezdən naxırçılar gələrdi,
Qoyun-quzu dam-bacada mələrdi,
Əmməcanım körpələrin bələrdi,
Təndirlərin qovzanardı tüstüsü,
Çörəklərin gözəl iyi, istisi...
Elə bil ki, o naxırçıları da mən lap yaxşı
tanıyırdım, o qoyun-quzu mələş-məsini də aydınca eşidirdim,
təndirdən qovzanan o tüstü mənim gözlərimə girib özü ilə qəribə
bir sevinc (acı sevinc!) gətirirdi və o çörəklərin də iyini,
istisini eləcə hiss edirdim.
Rübabə Muradova o yanıqlı, təkrarsız səsiylə,
nəfəsiylə oxuyanda ki:
Heydərbaba, kəkliklərin uçanda,
Kol dibindən dovşan qalxıb qaçanda,
Bağçaların çiçəklənib açanda,
Bizdən də bir mümkün olsa yad eylə,
Açılmayan ürəkləri şad eylə...
-elə bil mən də yaxşı tanıdığım və sevdiyim
Mədinə Gülgün və Balaş Azəroğlu kimi, Əli Azəri və Qulamhüseyn
Beqdeli, Söhrab Tahir və Həmid Məmmədzadə, Mirzə Pürabbas və
Qasım Cahani kimi qələm sahibləritək canımı,
qanımı Cənubda qoyub bir də heç zaman geriyə dönə bilməmək
məh-kumluğu, əlacsızlığı ilə Şimalda yaşayırdım...
Amma təkcə Cənubda yox, Şimalda da
Heydərbabaya salama nəzirələr,
Şəhriyara məktublar yazıldı (Şəhriyardan da
cavablar alındı və əvvəllər görünməmiş bir hadisə baş verdi: o
qorxunc sərhədlərin fövqündə ana dilli poetik bir yazışma
başladı!), Heydərbabanın şer forması populyarlaşdı.
Qəribədir, 60-cı illərdə Azərbaycan
poeziyasında şerin forması barədə (sərbəst şer- ənənəvi şer)
qızğın mübahisələr, hətta ədəbi münaqişələr getdiyi bir vaxtda
və biz də bir cavanlıq şövqü ilə yeri gəldi, gəlmədi, sərbəst
şerin təəssübünü çəkdiyimiz bir zamanda sadə, tamam ənənəvi
Heydərbabaya salam hamının ürəyinə yol tapdı və bir daha sübut
etdi ki, əsas istedaddır və o istedad sənə nə yazdırırsa, onu da
yazmalısan.
... Sonralar bizə məlum oldu ki, Heydərbaba
nemətli, məhsullu, möhtəşəm bir dağdır və Şəhriyar da o dağın
ətəklərində dünyaya gəlib, uşaqlığı o ətəklərdəki Qayışqurşaq,
Xoşginab, Şəngülava kəndlərində keçib və heç
şübhəsiz ki, bu poemanın bu dərəcə təbii çıxmasında o el-obanın
havasıyla, suyuyla mayalanmış genlərin rolu olub və elə o genlər
də ana dilini Şəhriyarın ürəyinin dərinliklərindən çıxarıb
qələminin ucuna gətirmişdir.
Xatirindədir, 60-cı illərin ikinci yarısında
mən Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı, sonra kiçik
elmi işçisi olduğum vaxtlar unudulmaz professor Qulamhüseyn
Beqdeli xüsusi bir ehtirasla danışırdı ki, Tehranda yaşayan
Şəhriyar xəstələnir, anası kənddən onu yoluxmağa gəlir və bu
görüşdən sonra Heydərbabaya salam yaranır.
Və mən indi fikirləşirəm ki, əlbəttə, o vaxt
Ana özü ilə birlikdə Tehrana Heydərbabanın ab-havasını aparmışdı
və kənddən şəhərə oğlunu yoluxmağa gedən o adi Ana səfəri
Azərbaycan poeziyasında Şəhriyar hadisəsi yaratdı.
Elçin